İLHAM ABDUYEV

Türkiyənin Erciyes Universitetinin tələbə və müəllim heyəti ilə görüşdəki çıxışımın mətni

Salam, hörmətli toplantı iştirakçıları. Öncə mən, Erciyes Universitetinin rektoru cənab professor, doktor Fahrettin Keleştemura və rektor yardımçıları professorlar: Mətin bəy, İbrahim bəy, Mustafa bəy cənablarına və o cümlədən dosent dr. Sevinc xanıma və həmçinin universitetin bütün kollektivinə öz dərin minnətdarlığımı bildirir, mənim yaradıcılığıma, fəlsəfi fikirlərimə yüksək dəyər verdiyiniz üçün çox təsirləndiyimi bildirərək, bir daha Sizlərə təşəkkür edirəm.
Professor doktor Fahrettin Keleştemurun təşkilatçılığı sayəsində Türklük bayramında iştirak etdik və orada mənə də təbrik etmək üçün söz verdilər. Bunun mənə göstərilən böyük hörmət olduğunu bildirməklə bir daha Sizlərə təşəkkür edirəm.
Bu gün Sizlərlə ilk tanışlığım olduğu üçün mən sizinlə ümumiyyətlə hamınızı maraqlandıran Həyat haqqında və onun sirləri barədə danışmaq istərdim.
Biz bilirik ki, Kainatda və Yer üzündə baş verən bütün proseslər və hadisələr müəyyən qanunlara və qanunauyğunluqlara tabedir. Bütün bu qanunlar, Allah tərəfindən tənzimlənən ümumi bir sistemə birləşir. Allah bu mürəkkəb qanunauyğunluqlar sistemindən istifadə edərək, hər canlı məxluqa, qurmaq istədiyi həyatı seçmək imkanı vermişdir. Müasir insan elmi nailiyyətlərə arxalanaraq, özünü Yer kürəsinin qüdrətli sahibi sayır. Onun fikrincə, yalnız özü sivilizasiyanın inkişafını nəzarətdə saxlayır, qaydaları təşkil edir, onlara düzəlişlər verir. Təbiətlə qarşılıqlı əlaqəni itirən insan tamamilə unutmuşdur ki, o, Ali İlahi Qüvvə tərəfindən yaradılan və nəzarətdə saxlanılan, böyük mexanizmin kiçik bir zərrəsidir.
İnsanın hər-hansı bir pis əməl etməsi, onun həmin an Allahın qəzəbinə gələcəyini göstərmir. İnsan öz hərəkəti ilə, sanki seçim edir və seçdiyi yolda həmin çərçivə daxilində olan, əvvəlcədən proqramlaşdırılmış hazır cavabı alır.
Əgər insan daxili tələbatlarına qalib gəlib, mənliyinin əsirinə çevrilməsə, müəyyən daxili “təmizlik" qazanar və ətraf mühiti görmə imkanına malik olub, düzgün seçim edə bilər.
İnsan özünü dərk edən andan Həqiqət axtarışında olur. O, Həqiqət adlanan ucsuz – bucaqsız yolda səyahətə çıxmış bir yolçunu xatırladır. Həqiqət - insan özünü dərkinin, dünyanın və kainatın qapılarının tilsimini sındıran bir "açar"dır.
İnsan və onun yaşadığı dünyanın kənardan yaradılması, artıq heç fərziyyə də deyildir. Belə olan halda, Həqiqət də elə o "kənardadır" və bizi də elə Həqiqətin olmadığı bir yerə yerləşdiriblər.
İnsan şüurlu bir məxluqdur və çox təəssüf ki, o, həqiqətin mövcud olmadığı, real qanunları olan bir cəmiyyətin nümayəndəsidir. Bundan başqa, elə qanunlar da var ki, insan şüurlu surətdə onlardan istifadə edə bilməz. Məsələn, əgər günəş bizə istilik, işıq verirsə, günəşin bizə bunları verməsi əsl Həqiqət deyildir, əsl Həqiqət günəşi işıq və isti verməyə, planetləri hərəkət etməyə sövq edəndir.
Bəs belə olan halda Həqiqət haradadır?
İnsan şüuraltı olaraq, öz hərəkətlərinin bir çox hallarda həqiqətdən uzaq olduğunu dərk edir və adətən, bunu müəyyən səbəblərlə və bəhanələrlə izah etməyə çalışır. Bütün həyatı boyu insanlara Allah qanunlarına riayət etmələri təlqin edilir. Bəs nə üçün insanlar daima bu qanunları pozurlar?
Biz hamımız bilirik ki, həyatımızı Allah qanunlarına əsaslanaraq, yaşamalıyıq. Ancaq insan Səma qanunlarına görə deyil, Yer qanunlarına görə yaşayır. Bunun isə, çox sadə izahı var. İnsan Səma qanunlarından çox uzaqdadır. Səma və Yer qanunları bir-birindən ciddi surətdə fərqlənirlər. Onlar müxtəlif məkanlarda, bəlkə də müxtəlif ölçülərdə yerləşirlər və aralarında da böyük məsafələr var. Buna görə də, Səma qanunlarını insanlar, Yer qanunlarından daha sonra qəbul edirlər. Biz Yer qanunlarına tabe olaraq, öz bütünlüyümüzü qoruyuruq. Ancaq bununla bərabər, bu bütövlüyün daxilində biz Səma qanunlarını qəbul edərək, razılaşırıq. Çünki, biz hamımız onların “övladıyıq".
Hər şeyin kökü olduğu kimi, Həqiqətin də bir kökü var. Əslində, Həqiqət həmişə insandan kənarda olmur. İnsanlar Həqiqətin, Tanrının yanında və Onun qanunlarında olduqlarını əminliklə deyirlər. Hər bir insan varlığı dərk edir ki, Həqiqət qlobal anlamda məhz Yer üzünün xaricindədir. Ali İlahi Qüvvə bizim planetdən kənardadır və belə olan halda, Həqiqət axtarışlarımızı məhz orada davam etdirməliyik. Bu gün, Yer üzündə olan bütün canlıların və başqa materiyaların mövcudluğu, özü bir Həqiqətdir və əgər Həqiqət bu canlıların arasında deyilsə, onda məhz özünün olduğu yerdədir, bu isə onun bizə «kənardan» gəlməsini bir daha göstərir. Ona görə biz həqiqəti və həyatın sirlərini anlamaq üçün fəlsəfi analizimizə, yaranışın əvvəlinə nəzər salaq.
Belə bir fəlsəfi deyim var. Əvvəlcə Söz vardı – və bu Söz Allahın sözü idi. Bu Söz, elə Allah sözünün özü idi. Biz bu deyilişə sadəcə bir az düzəliş verərək, aydınlıq gətirək.
Bütün kainatın Tanrı tərəfindən yaradıldığını qəbul edib, prosesin başlanğıcına, mənbəyinə baxmağa cəhd göstərək. Ali İlahi Qüvvənin kainatı və həyatı yaratmaq Fikri vardı. Buna görə də, O, istədiyini həyata keçirməyə başladı və ilk yaratdığı Səs oldu. İndi qəbul edək ki, Səs, Söz və Fikir eyni məfhumu ifadə edir. Allah fikri ilə zənginləşən Səs İşığı yaratdı. İşıq yaradılana qədər Qaranlıq vardı. Adi həyatda İşığın gücünü və nəhəngliyini biz ancaq qaranlıqda izləyə bilərik. Kainat özü Qaranlıqla İşığın birbaşa, daimi təmasıdır və bu səbəbdən də, bu iki məfhum bir-birini tamamlayır. Kainatın yaranışının bütün prosesləri isə zamanla müşayiət olunurdu.
Allahda olan Fikir maddiləşdi və materiya formasını aldı və Onun bundan sonra yaratdıqları, bir daha fikrin reallaşdığını sübut etdi. Kainatın yaranmasında gedən proseslər sübut edir ki, bu yaranışın təməlində Fikir, Səs, Zaman, İşıq və Qaranlıq əsas rol oynamışlar. Məhz onlar, Yer üzünün yaradılmasının müxtəlif proseslərində iştirak edirdilər. Sonradan, bu prosesə Su və Külək də qatılıblar.
Bu iki məfhum müasir dövrdə də, insan arzusunun reallaşmasına təsir edən əsas faktorlardandır. Əgər İnsan hər hansı bir fikri həyata keçirə bilməyibsə, bu o deməkdir ki, Zaman və Şərait hələlik buna imkan vermir. Ancaq Fikir insan tərəfindən “atılıbsa”, o mütləq həyata keçəcək. Bizim hər birimizin fikirləri maddidir, bu isə Allaha məxsus bir xüsusiyyətdir. Allahın Kainatı yaratmaq fikri reallaşıbsa, belə olan halda, insanın da istəkləri müəyyən zaman çərçivəsində reallaşmalıdır və hər bir insan nəyəsə nail olmaq üçün əvvəlcə onu ürəkdən istəməlidir.
Kainatda və doğada baş verən bütün hadisələr hüdudsuz bir İlahi Qüvvənin mövcudluğunu bizə həyatımız boyu sübut edir. Allah tərəfindən yaradılan Kainatın sərhədləri var. Yaradan özü isə həmin sərhədlərdən kənardadır. Kainatın müəyyən zaman ərzində dövr etməsi, kainatda mövcud olan hər bir cismin də müəyyən zaman çərçivəsində dövr etməsini göstərir.Allahın kainatı yaratmamışdan əvvəl onu yaratmaq fikri vardı. Deməli, fikir özü müstəqil, canlı substansiya olaraq, kainatdan kənarda yerləşir. Allahın kainatı yaratmaq fikri gerçəkləşib. Bunlara əsaslanaraq güman edə bilərik ki, fikir bizim kainatın məhsulu deyil. Bəs bundan sonra, nələr bizim kainatın məhsulu deyil? Allah-təala öz nəfəsini ruh kimi Adəmə veribsə, deməli, ruh özü də bu kainatın məhsulu deyil.Adəm və Həvva nəfslə dolu şüurlu ruhdurlar. Ruh öz tərkibində nəfsi və şüuru birləşdirirsə və bizim kainatın məhsulu deyilsə, onda nəfs və şüur da bizim kainatın məhsulu deyil. Məhz ruh Adəm və Həvvanı - yəni insanı meşədən çıxarıb, müasir, sivil bir məkan olan kosmosa aparır. Belə olan halda bu proses, ruhun və onun tərkib hissələri olan şüur və nəfsin, eləcə də, kainatdan kənar qüvvələrin hesabına baş verir. Yuxarıda deyilənləri nəzərə alaraq, göstərə bilərik ki, insanın inkişaf səviyyəsi kainatın hüdudlarına doğru gedir və burada aparıcı rolu Kainatın məhsulları olmayan fikir, ruh, nəfs, şüur təşkil edir.
İndi Yaranış prosesinə nəzər salaq.
Əvvəlcə Qaranlıq, sonra onun "bətnində" Nur yarandı. İşığın bütün qüsurlarını qaranlıq fonunda aydın görən Allah, onu tənzimləyərək, ideal İşıq yaratdı. Bu, Ali İlahi Qüvvənin bütün yaratdıqlarında baş verən ümumi bir prosesdir. Əvvəlcə İblis, sonra isə Adəm yaradılır. Əvvəl mənfi element, onun fonunda isə müsbət element yaradılır. Müqəddəs kitabımız olan “Qurani- Kərim" də qeyd olunur ki, yer üzündə mənfi əməl sahibi olan insanlar çoxluq təşkil edirlər. Yaradan özü onları imana yönləndirmir və haqq yolunu tutmağa kömək etmir. Mənfi əməllər burulğanında olan həmin insanların qəlbləri heç bir zaman, İlahi Qüvvənin nurunun zərrələri ilə işıqlanmayacaq. Çünki Yaradana mənfilər deyil, təmiz qəlblə inanan müsbətlər lazımdır. Ali İlahi Qüvvə yalnız Ona sidq - ürəkdən inananları və sadiq olanları seçir. Həmin seçilmişlər insan libası geymiş şeytanların yalanlarına, şirnikləndirici həyatlarına və digər aldadıcı elementlərə uymurlar.
Allaha qaranlıqdan doğan İşıq gərəkdir, çünki Nur ancaq keyfiyyətli qaranlıqda yəqinləşir və bütövləşır. Ali İlahi Qüvvə insanı yer üzündə özünün xəlifəsi kimi yaradıb və zənnimcə cəhənnəm əhlinin çoxluğu Yaradıcıya öz xəlifəsini kamil bir biçimdə yaratmağa kömək edir. Kötü əməlli insanlar şübhəsiz ki, yaxşı insanlara öz mənfi təsirini göstərirlər. Bəs bu təsirə məruz qalan yaxşılar öz əqidələrində qalaraq, Allaha olan məhəbbətlərini və sadiqliklərini göstərirlərmi ?! Biz insanlar xəlifə deyəndə, bu anlamın nə qədər böyük bir məna və məsuliyyət daşıdığını anlamırıq. Sadəcə olaraq mələklərin “iş icrasını" təsəvvürümüzə gətirsək və Tanrının başqa yaratdıqlarının: işıq, səs, külək və s. də verilən əmrlərə sözsüz tabe olmasını dərk etsək, bizdən necə olmağımız tələbinin mənasını anlaya bilərik.
Kainatın yaranmasının əsasını təşkil edən bütün elmi proseslər eyni bir məzmun və formaya malikdirlər. Deməli, keyfiyyətli müsbət, artıq mövcud olan mənfilik fonunda yaradıldı. Yaradana isə, məhz mənfidən yaranan müsbət gərəkdir.
Beləliklə, yaranışın məntiqi analizindən sonra bizə aydın olur ki, təkamül prosesində iştirak edən amillər: - fikir, səs, zaman, işıq, qaranlıq, su, külək, mənfilik, müsbətlikdir.
Təkamül prosesinin bütün amillərindən insan düzqün istifadə edərsə, sözsüz ki, müsbət nəticələr almaqla öz həyatını nurlandırar. Bunun üçün insan istədiyini fikirinə gətirməlidir. Fikrində onu canlandırmalıdır, yəni təsəvvüründə yaşatmalıdır. Bunu ürəkdən və həddindən artıq inanaraq etməlidir. Sonra öz fikrini səsləndirməlidir. Daha sonra, zaman-zaman işıqda və qaranlıqda səsləndirməlidir və ən çox qaranlıqda, gecə zaman səsləndirməlidir. Yağış yağarkən səsləndirmək prosesin tezləşməsinə səbəb olur. Və sonra istədiyiniz fikir çox qısa zaman çərçivəsində həyata keçəcək. Əgər namaz zamanı və namazda bu proseslər olunarsa nəticə müsbət olar. Bu deyillənlər bir elmi prosesdir, hansı ki, öz təsdiqini Qurani-Kərimdə tapmışdır.
Yer üzündəki bütün insanların həyatı üçün eyni və əlverişli mühit yaradılıb və baş verən proseslər, ancaq insanın xeyrinə istiqamətləndirilib. Baş verənlərə düzgün qiymət verə bilməyən insan, onun üçün yaradılmış bu əlverişli mühitdən düzgün istifadə etməli, öz həyatının hər anını baş verən proseslərin qanunauyğunluqlarına əsaslandıraraq yaşamalıdır və ancaq bu halda o, müsbət nəticə almaq imkanına malik olacaqdır. Əks halda, çox ehtimal ki, onun cəhdləri mənfi nəticə ilə üzləşəcək.
İnsan bu həqiqəti yaddan çıxarmamalıdır ki, hər bir şeyin başlanğıcı olduğu kimi, sonu da var. Sözsüz ki, bu başlanğıcın və sonun sahibi bir olan Allahdır və biz bütün gizli saxladığımız arzularla yalnız Ona müraciət etməliyik. Bu proses həqiqətən də, baş verir, yəni insan övladının Allahdan dilədikləri, bu və ya digər formada ona "verilir".
İnsanlar verilən firavanlığa görə daima dua və şükür etməli, əməlisaleh olmalı, doğmalarına, yaxınlarına və ehtiyacı olanlara kömək etməlidirlər. Ancaq insanların bəziləri bu müqəddəs qaydalara əməl etmirlər. Çox maraqlıdır ki, pis əməllər etməyə adət etmiş şəxslər çox az hallarda öz əməllərindən əl çəkərək, haqq yolunu tuturlar, sanki bu onlara qadağandır. Bu insanlar artıq özləri üçün müəyyən bir həyat istiqaməti seçərək, həmin yol ilə hərəkət edirlər. Ən əsası isə, onlar heç bir zaman Kainat və Yer üzündəki proseslərin sirrini dərk edə bilməyəcəklər, onlara bir anlığa da olsun Kainat qanunlarını dərk etməyə, yaxınlaşmaq imkanı belə verilməyib.