İLHAM ABDUYEV

Yaranışlar davam edir...

Səmavi kitablardan aldığımız məlumatlara görə,Tanrı hər şeyi altı gün ərzində yaradıb.İnsan övladının yaranmasından bu günə qədər olan inkişafa baxsaq, görərik ki, Tanrının yaratdıqları Adəm və Həvva ilə qurtarmayıb, yaratma prosesləri bu gün də davam edir. Məgər Allahın insan vasitəsilə yaratdıqları Onun deyilmi?! Əlbəttə, sadəcə olaraq, müasir anlamda insan bir "alət" rolunda çıxış edir. Bəs nə üçün biz bu yaradılanlardan danışmırıq və yaxud onlara fəlsəfi qiymət vermirik?! Zənnimcə, heç kəs bütün bunların insan tərəfindən yaradıldığını iddia edə bilməz. Məsələn, Tanrı özü nə isə yaratdığı zaman sudan, küləkdən, ildırımdan və digər yaratdıqlarından "istifadə edir".Belə olan təqdirdə, külək, su, işıq və digər məfhumlar hər şeyin onların vasitəsilə deyil, onlar tərəfindən yaradıldığını iddia edə bilərlər. Əlbəttə, onlar bunu “demirlər" və biz insanlarda deməməliyik, çünki cəmiyyətin keçdiyi bütün inkişaf mərhələləri ərzində hər bir məfhumu Ali İlahi Qüvvə yaradıb və yaradır. Bu yazılarımı təyyarədə uçuş zamanı yazıram və məgər bu özü bir möcüzə deyilmi?! Sadəcə olaraq, şüurlu insanı gələcəkdə hansı yeni yaranışların gözlədiyini güman belə etmək çox çətindir.Ulu Tanrı yaradılanların ən kamili olan insandan əqli imkanlarının səviyyəsindən asılı olaraq, şüurlu bir alət kimi istifadə edərək, yaratmanı davam etdirir.

Son olaraq, belə bir ehtimal irəli sürmək istərdim ki, Axirət gününün gəlməsi yəqin ki, bütün yaradılmışların ya sonu, ya da yeni bir yaranışın başlanğıcı olacaqdır. Bəlkə də, bu yeni yaranış Kainatın keçəcəyi inkişaf mərhələlərində yeni səhifələrin açılmasına səbəb olacaq.

2009-11-08