Bioqrafiya

Özüm haqqında əlavə məlumat

Font:      

Abduyev İlham Muxtar oğlu

1958-ci il avqustun 3-də Bakı şəhərində anadan olmuşam.
1975-ci ildə orta məktəbi bitirmişəm.
1980-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişəm.
1979-1990-cı illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışmışam.
1988-ci ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışam.
1990-1995-ci illərdə Səhiyyə Nazirliyi Farmakologiya və Xalq Təbabəti Elm İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışmışam.
1995-2008-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində müxtəlif baş zabit vəzifələrində xidmət etmişəm.
Rütbə: polkovnik
Hal-hazırda şəxsi firmada fəaliyyət göstərirəm.
Ailəliyəm.


Özüm haqqında əlavə məlumat

Təbiəti seyr etməkdən yox, təbiətdə işləməkdən zövq alıram.
Axan çayın, gölün, dənizin kənarında oturub baxmaqdansa, çayın, gölün, dənizin içinə girib islanmaq istərəm. Çimmək demirəm, ona görə ki, çünki çimməyi bacarmıram.
Ova gedənlərə yaxşı baxmıram.
Meşə heyvanlarına yazığım gəlir. Canavara isə hörmətim var. Məmnuniyyətlə meşəyə və ya təbiətə meyvə, giləmeyvə, yığmağa gedərəm, iri meşə ağacının altında oturub isti çay içə-içə kitab oxuyaram. Özümün meşə ətrafinda 20 hektarlıq meyvə bağım var, oradakı ağacların sayı 10000 (on min)- dən çoxdur. Yazda arıçılıq ilə məşğul olmağı planlaşdırıram, çünki bal çox xeyirli bir məhsuldur. Keyfiyyətli bala, sadəcə baxmaqla, ayırd edə bilirəm. Hətta dostlarım bu sualla mənə tez-tez müraciət edirlər. Bal yeməyi xoşlayıram, təəssüf ki, çox yeyə bilmirəm, təzyiqimi artırır.
Çoxlu ərik meyvəsi yeyərəm, heç doydum demərəm. Bəlkə ona görə də yay aylarını çox sevirəm. Bəlkə də yayda ad günümdür ona görə, deyə bilmərəm. Ad günü səhər yuxudan ayılanda özümü xoşbəxt hiss edirəm.
Hədiyyə almağı xoşlamıram, amma məcburəm. Kiməsə hədiyyə verəndə çox sevinirəm. Hədiyyə təqdim edəndə mütləq orada qırmızı və ya çəhrayı rəngdə qızıl güllər olmalıdır. Çünki qızıl güllər mənim ən sevimli güllərimdir. Onların sayı ya 17-mənim ən sevimli və düşərli rəqəmim, ya da 33- İsa peyğəmbərin rəqəmi olmalıdır.
Mənə isə bahalı qol saatı verəndə sevinirəm, hətta mənə yaxın adamların hamısına deyirəm ki, bahalı başqa hədiyyədənsə, ucuz qol saatı məni daha çox sevindirir. Dostlarımın və ətrafımda olanların ricamı yerinə yetirdiyinə görə məni saat kolleksioneri də adlandırmaq olar. Uşaqlıqdan müxtəlif ölçülü və formalı bıcaqların kolleksiyasını isə özüm yığıram. Buna baxmayaraq istənilən adam məndən mənim kolleksiyamda olan saatlardan və ya bıçaqlardan istəsə məmnuniyyətlə ona verə bilərəm.
Amma heç kimə heç bir kitabımı vermərəm. Mən kitab oxumağı xoşlayıram və çox tez oxuyuram. Şair və yazıçılardan ən çox sevdiyim Şekspir, Höte və Bayrondur. Kitab mağazasından oxumaq üçün saatlarla kitab seçməyi xoşlayıram. Ən çox elmi kitablara üstünlük verirəm. Söz yox ki, uzun illər ərzində evdə həddindən artıq çoxlu kitablar yığılır. Mən onları mütamadi olaraq seçərək mərkəzi kitabxanaya hədiyyə edirəm.
Kitab yazıb çap etməyə imkanı olmayanlara yardım etməyi özümə borc bilirəm. Pul borc istəyənlərə imkanım çatırsa pulu pay formasında verirəm. Yox əgər o borc formasında istəyirsə, mən onu vermirəm. Ümumiyyətlə çox pul xərcləyirəm, heç vaxt ehtiyatda pulum olmur. Hamısını xərcləyirəm. Restoranda dostlarla olanda, mütləq hesabı mən verməliyəm, hətta məni qonaq çağırıblarsa belə. Dadlı yeməkləri yeməyi xoşlayıram, xüsusəndə dəniz məhsullarından hazırlanan yeməklərə üstünlük verirəm. Musiqi altında yeməyi xoşlamıram. Musiqiyə maşın surəndə qulaq asmağı xoşlayıram. Adətən roka və Blues-ə qulaq asıram. Deep Purple qrupunun mahnılarını əzbər bilirəm. Ən çox sevdiyim isə Jesus Christ Superstar – a rock opera. Mən bu əsərə 15 yaşından qulaq asıram. Digər musiqilərə 2-ci dərəcəli kimi qulaq asıram. Klassik musiqiyə qulaq asmağı sevmirəm. Amma bəzi müğənnilər var ki, onlar kinolarda çəkiliblər və musiqiləri orada səslənib, bəli belələrindən sevdiklərim var. Məsələn Süzen Aksu (“Sərcəcik” filimi) və s. Kino aktyorlarından ən çox xoşuma gələni Tommy Lee Jones-dir. Mən ona 20-ci əsrin ən istedadlı aktyoru adının verilməsini istərdim. Mənim arzularımdan biri də kino çəkməkdir. Amma onun reallığı heç yoxdur. Rəssamlığı xoşlamıram. Ən ülvi arzum isə Bakı şəhərində böyük bir həyatyanı sahəsi, kitabxanası, mədrəsəsi və s. olan məscid tikməkdir. Allah bunu mənə qismət eləsə mən həyatda mənalı yaşadım deyərəm.



Oxunub: 244625

Şərhlər: 29
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax