Məqalələr

Paxıllıq

Font:      

İnsan varlığını, yarandığı gündən bəri təhlil edərkən, onun mövcud olduğu andan nə qədər nöqsan, qüsur törətdiyini görmək olar. Bu nöqsanlar yetərincə çoxdur və müxtəlifdirlər. Nöqsanlar bəzilərində tam komplektdə, bəzilərində isə seçmədir. Təəssüflər olsun ki, insan cəmiyyəti həyatın öz neqativ cəhətləri ilə nə qədər ki, mövcuddur, bu qüsurların heç biri məhv olmayacaq, tərk edilməyəcək.
Bu qüsurlardan biri olan, sanki insanla bir doğulan paxıllıq haqqında danışmaq istərdim. O, yaşından, cinsindən və sosial statusundan asılı olmayaraq hər kəsdə var, sadəcə olaraq kimlərdəsə bu hiss acıq aşkar ifadə olunur, kimlərdəsə isə həddən artıq özünü büruzə verir. Hətta özündə bu hissi duyan və etiraf edən bəziləri özləri haqda deyirlər ki, “ Mən yaxşı mənada paxıllıq edirəm, bu məndə - ağ paxıllıqdır”.
Paxıllıq hissini xarakterizə edərkən, demək olar ki, bu hiss insan orqanizmində yaranan, toplanan energetik gücdür ki, sonradan müəyyən bir vaxtda üzə çıxaraq özünü büruzə verir. Belə güclü və bəzən də dağıdıcı gücə malik olan hissin yaranma səbəbi nədədir? Mənə elə gəlir ki, cavab çox sadədir – yaxınlıq( verilmiş kontekstdə cismani deyil, məişət və maddi yaxınlıq nəzərdə tutulur), iki insanın sıx ünsiyyəti zamanı, münasibətdə olan tərəfin həyat tərzi başqa tərəf üçün bəlli olur ki, bu da müqayisəli təhlil üçün şərait yaradır. Bununla belə paxıllıq edən şəxslə, paxıllıq obyekti arasında məsafə nə qədər az olsa və əlaqə sıx olsa, paxıllıq hissi də güclü olar.
El arasında deyirlər ki, paxıl insanın baxışlarından, sözlərindən, hərəkətlərindən əmələ gələn mənfi enerji dağıdıcı qüvvəyə malikdir və onun qarşısını almaq üçün müəyyən vasitələr təklif olunur. Tarixdən bizə məlumdur ki, paxıllıq hissinin gücü ilə çox zülmlər, işğallar, amansız qətllər törədilmişdir. O haqda çox sözlər yazılmış, fikirlər deyilmişdir.
Maraqlıdır ki, Quranın Fələq surəsində də insanın paxıllıq gücünü sadə və gözəl şəkildə göstərən ayələr yazılmışdır:
(Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə!
Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;
Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;
(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;
Və bir də paxıllığı tutanda paxılın şərindən!”
Bu surəni oxuyub təhlil edərkən görürük ki, burada yalnız paxıllıq hissinin gücü deyil, həm də ondan qorunmağın yolu göstərilir. Burada Tanrı paxılın şərini günəşin, ayın, ulduzların şərinə bərabər tutur və başqa sözlə paxıllıq hissini həmin planetlərin və ya göy cisimlərinin mənfi energetikası qədər güclü olan bir qüvvə olması qeyd olunur. Hər bir sağlam fikirli və imanlı insan bu paxıllıq hissindən mütləq qorunmalıdır, yoxsa o, uğursuzluq və itkidən sığortalanmayacaqdır. Ancaq Tanrıdan kömək istəməklə və Fələq surəsini oxumaqla, insan özünü və yaxınlarını bu cür mənfi energetikadan, pis əməllərdən və tamahdan qoruya bilər.



Oxunub: 5094

Şərhlər: 1
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax