Məqalələr

Adəm və Həvvanın yaranması

Font:      

Hər bir insanı düşündürüb, maraqlandıran suallardan biri də onun ilk yaranışıdır. Məlumdur ki, bütün insanların atası Adəmi və anası Həvvanı Uca Tanrı öz elmi və qüdrəti ilə yaratmışdır. Bu elmi prosesin izahlarına, biz dini kitablarda rast gəlirik. Qurani Kərimdə Adəm və Həvvanın yaradılması haqda olan ayələrə nəzər salaq.
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!” (Surə 4, 1-ci ayə)
“Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. (Allahın) yanında məlum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz!” (6-cı surə 2-ci ayə)
“Sizi tək bir nəfərdən (Adəmdən) yaradan da Odur. (Sizin üçün) bir qərar yeri (ana bətni, ata beli və ya yer üzü), bir də bir əmanət yeri (qəbir) vardır. Biz ayələrimizi anlayan bir camaat üçün belə müfəssəl bəyan etdik.” (6-cı surə 98-ci ayə)
“Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı.” (7-ci surə 11-ci ayə)
“Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq!.”(15-ci surə 26-ci ayə)
“(Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!” (15-ci surə 28-ci ayə)
“Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, təzim məqsədilə) səcdə edin!” (15-ci surə 29-ci ayə)
“(Şeytan) dedi: “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür!)” (15-ci surə 33-cü ayə)
“(Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəmi) yaradacağam.” (38-ci surə 71-ci ayə)
“Və Allah sizi(atanız Adəmi)yerdən(torpaqdan) bir bitki kimi göyərtdi.”(71-ci surə 17-ci ayə)
Bu ayələri analiz edərkən, ilk insanın yaradılması prosesinin təxminən bu formada getməsini ehtimal etmək olar.
İlk insanlar olan Adəm və Həvvanın yaradılışı prosesinin araşdırılmasında əsas məqsəd onun elmi istiqamətini axtarıb tapmaqdır. Elmi istiqamət düzgün tapılsa, prosesin anlayışının tam izahına olan ümid artar. İlk yaranış haqda məlumatlara diqqət yetirsək görərik ki, Adəm və Həvvanın yaradılması eyni prosesin nəticəsində olmayıb. Əgər Adəm torpaqdan yaradılıbsa, Həvva Adəmin qabırğasından yaradılıb.
Son illərdə elmi laboratoriyalarda bitki hüceyrəsinin və ya toxumasının, eləcə də orqanının sınaq şüşə borusunda (in Vitro) yetişdirilməsi (kulturası) üsulu çox qısa bir zamanda işlənib hazırlanmış və biologiya elmində geniş istifadə olunmaqdadır.
Bu üsul zamanı bir bitki hüceyrəsindən , toxumasından və ya orqanından steril şəraitdə tam olaraq bitkinin bütün genetik xüsusiyyətləri alınır. Digər sözlə bir bitkinin, bir hüceyrəsini steril şəraitdə, əlverişli mühitdə və müəyyən temperatur, nəmlilik və s. göstəriciləri verməklə, kolbada həmin bitkini becərmək olur. Mənim təcrübəmdə biz jenşen, qərənfil bitkilərinin bu üsulla almışdıq. Hətta jenşen bitkisindən alınmış məhlulun apteklərdə belə satışını təşkil etmişdik. Bu gün, bu üsuldan elmdə, biotexnologiya sahəsində çox geniş istifadə olunur. Və alınan nəticələr müsbət göstəriciləri ilə fərqlənmişdir. Bu üsul mənə Həvvanın yaradılması prosesinə daha yaxın olan bir prosesi xatırladır. Allah Adəmin bədəninin toxumasından istifadə edərək Həvvanı yaratmışdır.
İndi Adəmin yaranışı ilə bağlı ayələrə fikir verəndə görürük ki, Adəm torpaqdan yox, torpaqda yaranmışdır, torpaqdan bir bitki kimi cücərib çıxmışdır. Həmçinin qeyd olunur ki, qoxumuş saxsıya bənzər gildən, forması dəyişmiş torpaqdan yaradılmışdır. Yəqin ki, torpağa əgər müəyyən istilik verilərsə, yəni lazımi temperatur alınmaq üçün bu zaman torpaq öz şəklini yuxarıda deyilən formada dəyişir. Beləliklə, Adəmin yaradılma prosesi, onun hüceyrəsini torpaqda yerləşdirməklə (məsələn, bu hüceyrə kosmosdan meteorit vasitəsi ilə də gələ bilər) müəyyən temperatur və digər fiziki və kimyəvi parametrlər şəraitində baş verib. Çox güman ki, hüceyrənin inkişafı üçün torpaq steril, müəyyən istilik, həm də qida mühiti kimi nizamlanıb. Ehtimal ki, bu şərait, bu gün bizim bildiyimiz ana bətni rolunu oynayıb. Adəm və Həvvanın yaradılışını, mən bitki hüceyrəsinin, toxumasının, orqanının sınaq şüşə borusunda (in vitro şəraitində) becərilməsi (kulturası) üsuluna oxşarlığını qeyd etdim. Fikir verdinizsə Adəmin hüceyrə becərilməsi (kulturası) üsulu ilə, Həvvanın isə toxuma becərilməsi (kulturası) üsulu ilə yaradılışı aparılıb. Və qeyd edim ki, bu üsul zamanı hüceyrə becərilməsindən ( kulturasından) bitkinin özü, toxuma becərilməsindən (kulturasından) isə bitkinin biokütləsi alınır. Və nəticə olaraq, bunlar fərqli olduqları kimi də Adəm və Həvva da yaradılışdan sonra müxtəlif fərqli insanlar olublar. Adəmdə həm kişi, və həm də qadın başlanğıcı olduğu halda, Həvvada isə ancaq qadın başlanğıcı kimi yaradılmışlar.
İnsanın bu formada yaranmasını təsəvvür edəndə, onların axirət zamanı yenidən diriləcəyi heç də təəccüblü görünmür.

* kultura - bakt. kultura (laboratoriya üsulu ilə yetişdirilən, becərilən bitkilər, bakteriyalar və s.).

* in Vitro – laboratoriyada şüşə sınaq borusunda aparılan təcrübə (latın. “şüşədə”)



Oxunub: 9808

Şərhlər: 2
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax