Məqalələr

“Bəqərə” surəsinin (8-22) ayələrindən bəzi fikirlər

Font:      

İnsanların içərisində elələri də vardır ki, Allaha və qiyamətə inanmadıqları halda: “ Biz Tanrıya və qiyamətə inanırıq “, - deyirlər. Onlar elə güman edirlər ki, qəlblərində olan yalanları və törətdikləri günahları gizlətməklə Allahı aldadırlar. Əslində isə özlərini aldadırlar. Onların ürəyində Allaha şəkk, kin və həsəd hissi var. Tanrı onların pis niyyətlərini daha da artırar və törətdikləri əməllərə görə, onları şiddətli bir əzaba düçar edər! Adətən elə insanlara: “Çalışın pislik etməyin, haram işlərə əl atmayın, yaxşı əməl sahibi olun!” - dedikdə: “ Biz ancaq yaxşılıq edirik, pislik eləməklə işimiz yoxdur ”, - deyə cavab verirlər. Onlar biz yaxşılıq edirik deyə - deyə etdikləri günahların heç mahiyyətinə belə varmırlar, elə bil ki, bunu dərk etmirlər. Onlara: ”Haqqa gəlin” – deyildiyi zaman onlar da öz aralarında: “Biz də səfehlər, ağılsızlar kimi iman gətirək? Onsuzda haqq yolundayıq” - deyə cavab verirlər. Möminlərlə qarşılaşdıqları zaman: “Biz də sizin kimi insanıq, biz də iman gətirmişik ”, - deyirlər. Halbuki, onları aldadan qəlblərindəki öz şeytan dostları ilə təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq möminlərə, pak və təmiz, xeyirxah insanlara istehza edirik”, - deyirlər. Belə əməllərin müqabilində Tanrı da onlara dünya və axirətdə istehza edər və bu fani dünyada onlara o qədər möhlət verər ki, öz günahları və əməlləri içində çaşqın qalarlar. Onlar doğru yol əvəzində əyri yolu satın almış bəndələrdirlər. Onların alveri xeyir gətirməz və haqq yolu da tapmaz. Elələrinin halı qaranlıq gecədə od yandıran şəxsin halına bənzər. Od yanıb ətrafındakıları işıqlandırdığı zaman Tanrı onların işığını keçirər və özlərini zülmət içərisində qoyar. Onlar kar, lal və kordurlar, haqqı eşitməz, danışmaz və görməzlər. Buna görə də öz pis adətlərindən, yaramaz əməllərindən dönməzlər. Yaxud o insanlar, qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. İldırımın çaxması az qalır ki, onların gözlərinin işığını alsın onları kor etsin. Şimşək onlara işıq verdiyi zaman onun şüası ilə yeriyirlər, üzərilərinə qaranlıq çökdükdə isə olduqları yerdə dayanıb dururlar. Əgər istəsəydi hər şeyə qadir olan Uca Tanrı, onların qulaqlarını və gözlərini əllərindən alardı.
Biz insanlar, bizi və bizdən əvvəlkiləri xəlq edən Rəbbimizə ibadət etməliyik ki, Allahdan qorxub pis əməllərdən çəkinək! Bizim üçün yeri, göyü yaradan, göydən yağmur endirib və onun vasitəsilə bizim üçün müxtəlif meyvələrdən ruzilər yetişdirən Allaha, Onun heç bir oxşarı və bənzəri olmadığını bilə - bilə şəriklər qoşmayaq!



Oxunub: 11352

Şərhlər: 4
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax