Məqalələr

Mən həmişə yaşayacağam!

Font:      

Mənim rahatlığım xəyallarımdadır.
Xəyallarım mənim, istəklərimdir.
İstəklərim mənim düşüncələrimdir.
Düşüncələrim mənim həyatımdır.

Yadımda olan ilk düşüncəm altı yaşımdakı özümlə olan söhbətimdir. Günorta saat 3 radələri idi, çox isti idi. Həyətdə heç kim yox idi. Mən yelləncəyin bir tərəfində oturub özümlə danışırdım:
- Yəni mən öləcəm?
- Yox mən ölməyəcəm! Mən hiss edirəm ki, mən fərqli bir insanam. Yox mən ölə bilmərəm. Mən heç vaxt ölməyəcəyəm!
10 yaşımda anama deyirdim:
- Ay ana, mən istəyirəm ki, qardaşım olsun.
- Neynirsən qardaşı ?
- Bilirsən ana, mən səyahətçi olmaq istəyirəm. Ona görə böyüyəndə səni və bacılarımı qardaşımın yanında qoyub, özüm bir səyahətçi kimi rahat axtarışlarımı apararam.
- Sənin səyahətçi olmağına atan razı olacaq? – deyə o cavab verdi.
15 yaşımda isə atama dedim:
- Ata, mən futbolçu olmaq istəyirəm.
- Yox oğlum, sən bioloq olmalısan. Özü də fotosintez prosesini tədqiq edən alim olmağını mən arzulayıram.
Sonrakı illər göstərdi ki, nə səyahət edə bildim, nə futbol oynaya bildim, nə də fotosintez prosesini öyrənə bildim. Allah mənə bir də ömür versə, mən futbol oynaya-oynaya səyahət edərdim və bir səyahətçi kimi də fotosintez prosesini tədqiq edərdim. Bəlkə də bu bir xülyadır, bəlkə də yox.
Bu günlərdə buna oxşar düşüncələrlə evə pilləkənlə qalxanda, bir uşağın divarda yazdığı “ Mən həmişə yaşayacağam!” cümləsini oxuyub gülümsədim. Uşaqlığım yadıma düşdü. Özümü o vaxt fərqli bir insan sayırdım. İndi isə gülümsədim və mənə aydın oldu ki, bütün insanlar fərqli bir insanlardılar. Dünyada nə qədər insan olubsa, bir o qədər də fərqli həyat, bir o qədər də fərqli düşüncə, bir o qədər də fərqli istək, bir o qədər də fərqli xəyal olub.
Bu xəyalların, istəklərin, düşüncələrin, həyatların bir şahidi olub. O da , bizi bağışlayan, bizə mehriban olan Ulu Tanrıdır.

2011-01-13



Oxunub: 2816

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax