Məqalələr

Quranın yandırılması dünya dinlərinə qarşı bir cinayətdir

Font:      

“Bütün dünyadakı çoxsaylı etirazlara baxmayaraq, cümə axşamı sentyabrın 9-u Floridada Qeysvill şəhərinin xristian kilsələrindən birinin keşişi Terri Cons 11 sentyabrda 200 nüsxə Quran yandırmaq niyyətini təsdiqlədi. Lakin siyasətçilərin tənqidi və ictimai fikrin təzyiqi altında Terri Cons öz niyyətindən əl çəkdi. Bununla belə islamın müqəddəs kitabının yandırılması baş verdi. Bu hadisə iki keşiş - Bob Old və Denni Alen tərəfindən törədildi. Bundan başqa, oxşar hadisələr aşağı Manxettenin əvvəllər Beynəlxalq ticarət mərkəzinin əkiz qüllələri yerləşən küçələrində də törədildi”; “Lars Uilks, Krut Vesterqaard Məhəmməd peyğəmbərin karikaturasını çəkdilər” - bütün bunlar bizim narahat dünyamızda hadisələri işıqlandıran beynəlxalq mətbuatın dərc etdiklərinin az bir qismidir. Demək olar ki, bütün bu xoşagəlməz faktlar bir dinə: həqiqəti, bir olan Yaradana inamı, yaxınlara qarşı sevgini təbliğ edən İslama qarşı yönəlib.
Əgər insanların inama münasibətinə qlobal şəkildə nəzər salsaq, görərik ki, inam insanlarda iki növdə olur: bəziləri Yaradana inanır, digərləri isə Ona iman gətirməyərək İblisə inanmağa üstünlük verirlər.
Dünyada çox dinlər mövcuddur və bunların hər birinin öz tərəfdarları var. Ancaq 3 ən əsas din vardır ki, bunlar iudaizm, xristianlıq və islam dinləridir. Bu dinlərin hər birinin öz peyğəmbəri, təlimi və nəsihətləri var.
Baxışlarının ümumi olmasına baxmayaraq, bu gün dünyada islam və xristianlıq arasında kəskin qarşıdurma mövcuddur. Gəlin üç möhtəşəm – iudaizm, xristianlıq və islam dinlərinin, onları birləşdirən konsepsiyaların əsas məqamlarını dəqiqləşdirək:
1. Bütün bu dinlərdə peyğəmbərlər olmuşdur;
2. Təkallahlılıq – bu məqam bu dinləri başqa mövcud dinlərdən əhəmiyyətli dərəcədə fərqləndirir;
3. Bu üç dinin konsepsiyası üç müqəddəs kitaba – Tövrat, İncil və Qurana əsaslanır.
Yaradanın göndərdiyi birinci kitab - Tövratda çox şey haqda, həmçinin zamanında ikinci kitabın - İncilin gələcəyi haqqında danışılır. İkinci kitab olan İncildə üçüncü kitab Quran və Məhəmməd peyğəmbər haqqında yazılmışdır. Quranın özündə də əvvəlki iki müqəddəs dini kitablar xatırlanır və qeyd olunur ki, insanların, canlı və cansız məxluqların tək olan Yaradanı insanlara üç kitab göndərmişdir. Müqəddəs kitablardan sonuncusu olan və özündə Tövrat və İncildə yazılanları birləşdirən Quranda Musa və İsa peyğəmbərlər hörmətlə xatırlanırlar. Quran - Yaradanın üç əsərinin (trilogiyasının) sonuncusudur. Əgər bu üç din – iudaizm, xristianlıq və islam vahid konsepsiyanı, təkallahlıq haqda fikirlərin tərəfdarıdırsa, onda dinlər, xüsusən də xristianlıq və islam arasında həllini tapa bilməyən bu fikir ayrılığı nəyə gərəkdir? Bir dinin o biri dinə qarşı aqressiv münasibəti böyük vüsət alır. Peyğəmbərin karikaturasının çəkilməsi, müqəddəs Quranın nümayişkəranə yandırılması kimi Allaha iman gətirənlərin heysiyyatına toxunan, vicdan və ləyaqətini alçaldan hərəkətləri nə ilə izah etmək olar? Guya Allaha inanan və bununla bərabər müqəddəs kitabı yandıran kilsə keşişləri Terri Cons, Bob Old, Denni Allen və digər bu kimi insanlar əməllərində nə dərəcədə səmimidirlər? Bu insanların kilsədə xidmət etmələrinə baxmayaraq, görəsən onlar həqiqətənmi Yaradana inanırlar? Çox ehtimal ki, yox. Onlar İblisə xidmət edirlər, başqa dinin nümayəndələrinə qarşı edilən bu əməlləri yalnız şeytan əməli adlandırmaq olar. Belə münasibətin yaranmasında müxtəlif irticaçı təşkilat və strukturları mənəvi və maddi cəhətdən təşviq edərək cəmiyyətdə antiislam əhval-ruhiyyəsi qızışdıran bəzi dövlətlərin siyasi dairələri də maraqlıdır. Mən bu insanlara demək istəyirəm: siz həyatda problemlər, xəstəliklər və başqa xoşagəlməz hallarla rastlaşdıqda Yaradandan kömək diləyirsiniz, günahlarınızın bağışlanmasını istəyirsiniz, yardımına ümid edərək ona dua edirsiniz, bu zaman siz heç öz hərəkətləriniz haqda, Yaradana inam gətirə-gətirə şeytana xidmət etdiyiniz haqda fikirləşmirsiniz. Bu haqda fikirləşin! Mən sadəcə əminəm ki, dini ələ salanlar, peyğəmbərin karikaturasını çəkənlər, açıq-aşkar Quranı yandıranlar – bu insanlar qəlblərində Allahdan qorxurlar və Ondan bağışlanmalarını diləyirlər. Heç də fikirləşməyin ki, onlar qəhrəmandırlar, xeyir! Onların hamısı - ikiüzlü, hiyləgər və yazıq adamcıqlardır. Hər kəs bir addım atarkən özü haqda, əməlləri haqda, özünün gələcəyi haqda, Yaradanın bəxş etdiyi rifah və əmin-amanlıq haqda fikirləşməlidir.
Bir dinin o biri dinə bu kimi hərəkətləri yalnız bu dinə deyil, ümumilikdə bütün dinlərə qarşı yönəlmiş təcavüzdür. Siz düşünürsünüz ki, islamı alçaltmaqla öz dininizi yüksəldirsiniz? Əsla. Üç dinin konsepsiyası eyni olduğundan, bu hərəkətlər həmçinin sizin dinə də yönəlmiş olur. Elə bilirsiniz ki, sizin hərəkətlərinizlə peyğəmbərləriniz və dininiz razılaşır? Əlbəttə ki, xeyr! Sizin dininiz və peyğəmbərləriniz sizi və tərəfdaşlarınızı lənətləyir. Əgər siz özünüzə cəhənnəmi seçmisinizsə, bu o demək deyil ki, haqq yolunda olan başqalarını da yoldan çıxarmağa haqqınız var.
Belə insanabənzərlərin fitnəkar hərəkətlərinə baxmayaraq, mən qəti əminəm ki, həqiqətən də Yaradana inanan normal düşüncəli insanlar özləri üçün düzgün seçim edəcəklər.

2010-09-28



Oxunub: 3321

Şərhlər: 5
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax