Nəsr

Yalan

Font:      

Dünən qohumlarımızdan birinin kefi-damağı çağ idi. Əhvalını harada düzəltdiyindən bixəbər olsaq da, amma bizə özü təşrif buyurmuşdu... Elə lovğa-lovğa kresloya sərələndi ki, bəs deyərdin bütün dünya az qala bununku idi. Qəfildən yadına nə düşdüsə, əlüstü əlini telefon dəstəyinə atdı. Bu minvalla o söhbətinə kimlərlə və necə başladısa, evdəkilər gözlərini bərəldərək təəccüblə baxışdılar.
– Olmaya xəzinə tapmısan? – deyə anam dilləndi.
 Əşi, nə xəzinə? – qohum bic-bic qımışdı.
 Bəs onda nə olub ki, belə göylə gedirsən?
– Uzun söhbətdir...
O yenidən telefonu özünə yaxın çəkdi. Söhbət bir nəfərdən gedirdi. Mən belə başa düşdüm ki, o adamla bağlı nə isə fövqəladə bir hadisə baş verib. Nəhayət, növbəti zəng zamanı anam dözməyib dedi:
– Bir bizə də nəql elə görək axı nə olub?
Qohum:
– Bilirsən, keçən ay elə-belə, dilxoşluğa bir tanışım barəsində balaca yalan uydurmuşdum. Qarşıma çıxanı bu barədə agah edirdim. Bu gün işdə təsadüfən həmin o «xəbər» gəlib mənə də çatıb. Vallah elə dedilər ki, az qala lap özüm də inanacaqdım. Təəccüblüdür, düz demirəm?..
Anam onu cavabsız qoyub hirslə yerindən qalxaraq o biri otağa keçdi. Onun ardınca o birilər də axışdı. Mən isə qohumuma baxa-baxa qalmışdım. O isə özündən elə razı idi ki...



Oxunub: 860

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax