Nəsr

Qorxuram

Font:      

Gecə düşən kimi bütün şəhər yuxuya qərq olub yatır. Təkcə oyaq qalan isə sükut olur. Gecənin bağrını dələn vahiməli sükut. Mən yatmamışam. Sükutun yalnız qəlbimin hakimi olacağına inanmıram. Ola bilsin ki, məndən də başqa oyaq qalanlar var. Hər halda mən onları görmürəm. Əgər ətrafımda gecənin sükutuna mane olacaq bir şey varsa da, heç nə sezmirəm. Düşüncələrim məni rahat buraxmır. Gecənin lal sükutunu öz sevimli dililə oxuduğu nəğməsini axıra qədər dinləyə bilmirəm. Səbəb isə heç vaxt oxumadığım nəğmələrin gecənin axarında qəlbimi didməsidir. Özünə yol tapıb çıxa bilməyən duyğularım qəlbimi diddikcə ürəyim çırpınır, elə bilirəm içimə dağlar, qayalar uçur. Bu vaxt bədənimə dəyən daşların ağrısı məni yaman incidir. Mənə elə gəlir ki, indi hər tərəfdən üstümə iri-iri daşlar yağır. Əlimlə üzümü örtürəm. Şiddətli zərbələrə dözsəm də, daş ürəkli insanların sifətlərini görmək istəmirəm. İnsanlığa nifrət etməmək üçün gözlərimi yumuram. Yenə də sükutu dinləyə bilmirəm. Beləcə mən gecənin ahəngini pozuram, gecə də mənim. Mənim nəğmələrim də sükuta oxşayır. Onların dili laldır. Fəqət sükutun sədasını yalnız gecədən sormaq olar.
Səhər açılır. Dan yerini görməyə tələssəm də, gündüzdən qorxum var. Daha doğrusu, gündüzdən qorxuram. Anlamazın sözündən qorxuram, dərdbilməzin tənəsindən qorxuram, bütün mənəvi dəyərləri pulla ölçən, puldan başqa heç nə olmayan, heç nə görməyən cahilin «sən kimsən?» sualından qorxuram. Qorxuram, vallah, düz sözə nə deyəsən ki, qorxuram. Hicran, həsrət çəkməyənlərdən qorxuram. Dili ilə ilanı yuvasından çıxaran ovsunçunun bəd əməlindən qorxuram. Bizi qəribliyə salan xəyanətdən qorxuram. Bir sözlə, qorxuram, vallah, qorxuram. Gündüz gördüklərimdən qorxuram.



Oxunub: 724

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax