Nəsr

Mən deyirəm ki...

Font:      

İnsan bəzən həyatdan bezir, cəmiyyətdən küsür, baş alıb tənhalığa – bir Allah bəndəsi tapılmayan səssiz-küysüz biyabana getmək istəyir. İstəyir ki, bir özü olsun, bir də Allahı. Nə o kimsəni görsün, nə kimsə onu. İndi mən də çox darıxıram o müqəddəs tənhalıq üçün. Hərdən özümü belə bir sakit yerdə hiss etmək üçün günün çox hissəsini yatıram. Nə fərqi var, insan elə yatanda, yuxuda olanda da tənha olur. Əlbəttə, əgər ruhunla, əsəblərinlə oynayan bir cəmiyyətin səs-küyü, sərsəm mənzərələri yuxuna haram qatmasa. Çoxlarına qəribə görünə bilər ki, cəmiyyətdən necə təcrid olunmaq olar. İnsan elə cəmiyyətdə yaşamalıdır. Düzdür, insanın bütün arzuları, ideyaları hansı səmtə qanad açıb uçsa da, son nəticədə adamlar arasında yerə enir, cəmiyyətdə reallığa çevrilir. Ən azı adam sevincini, kədərini kiminləsə bölüşəndə yaşamaq meyli, həyata məhəbbəti, inamı birə beş artmış olur. Bu, belədir.
Mənim üçün cəmiyyətdə yaşamaq, zəhərli tikanlar üstündə ayaqyalın gəzmək kimi bir şeydir. Çünki insan robot deyil ki, dəmir zirehdə olsun. Onun hissləri, duyğuları var. Ayaqlarını, əllərini lap tutalım ki, zəhərli neştər kimi sancan tikanlardan qorusa da, müdafiəsiz hisslərini, duyğularını qorumaqda çox acizdir. cəmiyyət isə bütün ali hiss və məqamların qənimidir. Bəlkə də yeganə düşmənidir. Görəsən başqa qalaktikalarda, yaxud özgə planetlərdə də insan cəmiyyətləri belədir?



Oxunub: 735

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax