Nəsr

Dünyanın bədbəxti

Font:      

Kim bilir dünyanın yaşını? Biz bu dünyada niyə belə həvəslə, maraqla yaşayırıq? İstəyəndə işimizin xatirinə günləri, həftələri, ayları sayırıq. Bilmirik ki, bunlar ömrümüzdən gedir? Hansı hisslərlə yaşayırıq, İlahi! Nəfəsimizi, səsimizi nə vaxtsa kimlər boğacaq, bilinmir. Bəlkə elə dünyaya göz açanda ana bətnində boğulub, sonra doğulmuşuq…
Gümanımızı kimə bağlayaq, kimdən kömək umaq. Hansı planetə üz tutaq. İnsan üçün doğulmaq nə qəribə imiş. Həyatın qəribəliyi, taleyin möcüzəsi. Bilə-bilə, həyata əlvida hazırlaya-hazırlaya yaşamaq harayında olasan, sonra ömrünü tamamlayaraq, varlığını ruhunla bölüşəsən. Beləcə həyatdan sakitcə, astaca köçəsən... Heç olmuş bir yox kimi.
İlahi, sən insandan hara yol çəkmisən?! Hansı yolun yolçusuyuq? Yolun uğuru, tarixin avandı hansı tərəfdədir. Bəşər övladı nə sirli aləm, cavabı tapılmayan məxluqmuş. Daşlaşan da biz oluruq, nurlaşan da. Bəlkə elə dünya bizdən saflaşıb, qəlbimizdən su içib. Bəlkə havamız da, suyumuz da elə özümüzük. Hansı vücüddan yarandıq biz? Kimə üz tuturuq? Kim qarşılayacaq bizi? Üzümüzə hansı qapı açılacaq? Bizdən bizə nə qalacaq, İlahi?
Hərdən gülən, hərdən ağlayan körpə, süd qoxulu çağalar kimi necə yarandıq, bilmirik. Qısılmışıq iqbalımızın ətəyinə, İlahi, qüdrətindən və ədalətindən yardım umuruq! Uzat kömək əlini bizə! Biz sənin zavallı körpələrinik. Ata ol, ana ol bizə, ey ulu Tanrı!
Dünyanın uşaq duaları söylənən gündən insanlığın iman çağı başlayır. Aldatdılar bizi. Dünyaya uşaq gəldik. Özümüzü qara sevdalara qurban verdik. Öz canımızı, iliyimizi bizdən qopan körpələrimizə bağışladıq. Yaşamağımızı uzatmaq üçün onlara zəncirləndik. Biz kimi aldatdıq, niyə aldandıq, niyə uyduq görən?
...Dünya qədər sevdiklərimiz üçün bəzən ömrümüzü yarımçıq qoymuşuq. Yarımçıq yaşamışıq... Qəlb zədələnəndə insanlıq zədələnir. İnsanlıq əziləndə Tanrı incik düşür.
Kim bilir dünyanın yaşını? Axı biz hələ uşağıq, əllərimizi Tanrının ətəyinə uzatmışıq. Ölmək də istəmirik, yaşamağa da gücümüz çatmır.



Oxunub: 773

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax