Nəsr

Ağac və onun kötüyü

Font:      

Bu daş, bu da tərəzi. İnanmırsan, özün çək, özün bax. Bəzən başlayıram dərdlərimi kağıza köçürməyə. Xəbər tutanda da deyirlər ki, belə olmaz, bir az yumşalt. Axı ağac kəsmək də Tanrının cəzasına tuş gəlmək kimidir. Yaxşı, yumşaldaram, siz deyən olsun. Sizin xatirinizə mətləbə bu dəfə ağaclardan başlayıram ki, sizlərə gəlib çatınca bir qədər toxtaq olasınız.
Bizim kənddə bir kişinin təbiətə, yaşıllığa münasibətində bir nankorluq, qəddarlıq vardı. Məsələn, mən heç yerdə görməmişəm ki, meşəyə odun qırmaq məqsədilə əlinə dəhrə, balta götürüb gedən adam özü ilə bel də aparsın. Ancaq bizim kənddəki kişi belə idi. Elə bilirəm ki, şərhə ehtiyac yoxdur. Hər halda mənim kimi kənd həyatını bir o qədər də dərindən bilməyən adamlardan ötrü belin niyə gərək olduğuna aydınlıq gətirirəm. Ağacın qol-qanadını, gövdəsini təmiz doğrayandan sonra yerdə qalır kötüyü. Kötüyü nə ilə çıxarmaq olar? Sualın cavabı aydındır. İndi bildiniz, odun qırmağa gedən nə üçün özü ilə bel də aparırmış. Kötüyü də yəqin ona görə çıxarırmış ki, yeri hamarlasın. Gələcəkdə bir daha oradan yaşıllıq cücərməsin. Bir neçə gün bundan qabaq şəhərdə gəzirdim. Gəzirdim deyəndə ki, ilin-günün bu vaxtı nə gəzmək? Bir hüzr yerindən gəlirdim. Yolda tanışlarımdan biri dedi ki, buna bax, ağacların hamısını kötüyündən kəsiblər. Baxdım ki, doğru deyir. Yüz illik nəhəng ağacların gövdəsini veriblər mişarın ağzına. Təkcə kötüyü yerdə qalıb. Dedim, bunlar naşıdırlar ki… Gördüm, tanışım mənə bir cürə baxır. Onu nigaran qoymamaq üçün dedim ki, sənətkar olsa idi, bizim kənddəki kimi kötüyündən çıxarardılar.



Oxunub: 759

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax