Məqalələr

İsa Peyğəmbərin doğuluşu

Font:      

Hər il xristian aləmi İsa Peyğəmbərin anadan olmasını dekabr ayının 25-də qeyd edir. Baxmayaraq ki, 1 həftə sonra yeni təqvim ili olur, yenə də 25 dekabr təntənəli sürətdə qeyd olunur. Quranda İsa fenomeni çox yüksək qiymətləndirilir və bu Peyğəmbər bütün bəşəriyyətdəki insanların rəğbətini, məhəbbətini qazanan bir insandır. Onun haqqında çoxlu filmlər, kitablar, və s. əsərlər yaradılıb. Ancaq yenə də çox söz, çox fikir deyilməyib və deyilənlər də tamlığı əhatə etməyib. Mən də İsa Peyğəmbərin anadan olması haqda indiyə qədər deyilməyən bir fikrimi müzakirəyə çıxartmaq istərdim.
Yuxarıda qeyd etdim ki, 25 dekabr İsa Peyğəmbərin doğum günü kimi qeyd olunur. Uzun müddət bu tarixin hansı kosmik, təbii və ya fövqəl bir proseslərlə əlaqəsini araşdırmışam, ancaq elə bir qeyri-adi astroloji, mistik və ya təbii hadisələrə rast gəlməmişəm. Araşdırmalar nəticəsiz olduğundan dekabr ayının 25-ini yox, onun ətrafında olan tarixləri, həmçinin bütün ayı tədqiq etdim və yenə də heç bir nəticə əldə etmədim. Məyus oldum, sonra bu qənaətə gəldim ki, məsələyə düzgün aspektdən yanaşmıram. Yəni əsas məsələ onun anadan olduğu tarix deyil. Mən bir bioloq kimi məsələni araşdıranda, 25 dekabr tarixindən 9 ay 9 gün çıxıb 16-17 mart tarixini alanda bütün vəziyyət dəyişdi. Bu tarix bahar ayıdır və baharın kosmik, təbii proseslərlə zənginliyini hər bir kəs bilir. Adətən azərbaycanlılarda 16-17 mart axır çərşənbə deyilən baharın qeyri-adi bir gününə təsadüf edir. Bu isə çox sevindirici oldu.
Bildiyimiz kimi, Həzrəti Məhəmməd miladın 610-cu ilinin Ramazan ayında bir bazar ertəsi Hira dağındakı mağaraya çəkilmiş, bütün varlığı ilə Allaha yönəlmişdi. Həmin vaxt Cəbrayıl ruh onun gözünə göründü. Beləliklə, Həzrəti Məhəmmədə ilk vəhy gəlmiş, Quranın ayələri nazil olmağa başlamışdı. Və bu gün İslam dinində müqəddəs ay və günlər sayılır. Bu günlərdə arzu olunan hər bir arzu həyata keçir. Amma müsəlman ölkələri bu günə qədər vəhy olunan Ramazan ayını miladi tarixi ilə hansı günə, aya, fəsilə aid olması bilinmir, çünki hicri ay təqvimi 622-ci ildən qəbul olunduğu üçün və Həzrəti Məhəmməd Peyğəmbərə Quranın vəhyi 610-cu ildə olduğundan bu tarix dəqiq bilinmir. Bizim yuxarıda apardığımız araşdırmalardan ehtimal etmək olar ki, bu hadisə də mart ayının 15-21 günlərinə təsadüf edər. Əsas məqamlardan biri odur ki, həm Məryəm anaya, həm də Həzrəti Məhəmməd Peyğəmbərə Cəbrayıl ruh vasitəsilə vəhy olunub. Çox güman ki, Məryəm ana bir qadın kimi bu günlərdə Allahdan oğlu və ya övladı olmaq arzusu ilə yaşamış və Allah onu və bütün bəşəriyyəti İsa Peyğəmbər ilə müjdələyib. Eyni zamanda, çox güman ki, Məhəmməd Peyğəmbərlə Cəbrayılın ilk görüşü də bu tarixə təsadüf edir və Peyğəmbərə ilk vəhy gəlir.
Beləliklə, bahar ayının məhz bu günlərini Tanrı tərəfindən seçilmiş günlər kimi qeyd etmək olar. Bu zaman, sanki təbiətdə hər şey yenidən doğulur. Mənim fikrimcə, İsa Peyğəmbərin doğulma təməlinin qərarlaşdırılmasının bu günə düşməsi təsadüfü deyil. Tanrı baharı hər il yeni həyatın başlanğıcı kimi yaratmış. İsa Peyğəmbərin bəşəriyyətə gətirəcəyi yeni düzən, yeni təfəkkür, dünya tarixini kökündən dəyişdi. Onun doğuluşunu bəşəriyyət üçün yeni həyat başlanğıcı kimi dəyərləndirmək olar. Bütün bəşəriyyət mart ayındakı bu tarixlərə daha çox önəm verməlidir. Düşünürəm ki, bu fikirləri araşdırmaqla bir çox tarixi hadisələrdə baş verən prosesləri daha düzgün anlamaq olar.

2010-02-11



Oxunub: 6844

Şərhlər: 1
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax