Nəsr

Canavar balası

Font:      

Bir dəfə mən vədələşdiyimiz gün dostumgilə getdim. Gəlişimdən çox sevindi. Yemək stolunun arxasında üzbəüz əyləşdik. Sonra müxtəlif hadisələr haqqında söhbətlər etdik. Günün necə gəlib keçdiyindən də xəbər tutmadıq. Şam edib, həzin bir musiqiyə qulaq asaraq asta-asta çay içdik. Qəfildən işıqlar söndü və hər tərəf qaranlığa qərq oldu. Bayaqkı kefimizdən əsər-əlamət qalmadı. Dostum mətbəxə keçib neftlə yanan lampa gətirdi. Alışdırdıq. Evə ağır sükut çökdü. Bu vaxt gözlənilmədən telefon zəng çaldı. Dostum dəstəyi qaldırdı. Kiminləsə qanıqara söhbət etdi. Telefon danışığından sonra keçib əvvəlki yerində əyləşdi.
– Atam zəng vurmuşdu, – deyə dodaqaltı mızıldandı. – Hamı elə ağzını açıb tələb edir, tələb edir. Hətta bazar günü də istirahət etməyə qoymurlar. Yeri gəlmişkən, – deyib ciddi nəzərlərlə mənə baxdı, – çoxdandır istəyirdim ki, səndən xəbər alım: Bəs sənin atan nədən ölüb? Artıq neçə ildir ki, dostuq, amma onun ölümünün təfərrüatından xəbərsizəm?
Necə ölməlidir ki, hamı kimi, – deyə soyuqqanlıqla cavab verdim.
Yox, yox, bura bax, belə olmaz, yaxşısı budur ki, mənə özün haqqında bir əməlli-başlı danışasan. Misal üçün, lap elə götürək, atanın ölümü barəsində… Kim idi, nəçi idi, nədən dünyasını dəyişdi? Burda danışılası çətin nə var ki?..
Yaxşı danışaram. Asudə vaxt tapan kimi danışaram.
Heç elə şey-zad yoxdur. İndi danışmalısan, vəssalam, yoxsa inciyərəm.
Dostumun bu inadkarlığı məni hər şeyi olduğu kimi danışmağa məcbur etdi. Beləliklə, səbrimi basıb aramla söhbətimə başladım.
Bu çoxdan olub. O vaxt mənim on bir yaşım olardı. Hələ kiçik yaşlarımdan anamı itirmişdim. Atamın yeganə övladı idim. Güzəranımız pis keçmirdi, özümüzçün ala-babat yaşayırdıq. Bizim evimiz kəndin qurtaracağındakı meşəyə yaxın bir yerdə idi. Atam özü də kəndin mahir ovçularından sayılırdı. Hərdənbir şəhər adamlarından ovla bağlı sifarişlər də alırdı. Nə isə, bir gün məni də özü ilə ova aparmağı ondan xahiş etdim. O bir qədər fikrə getdikdən sonra dedi: «Əgər sözümə qulaq asıb, dediklərimə əməl edəcəksənsə, bu barədə fikirləşərəm». Beləcə ata-bala çox asanlıqla razılığa gəldik.
Səhər açılmamış evdən çıxdıq. Meşənin girəcəyindəki xırda çayı adlayıb cığırla yola düşdük. Bir qədər getmişdik ki, ovdan qayıdan adamlarla rastlaşdıq. Onlar bir neçə dəqiqəlik atamla şirin söhbət etdilər. Ovçulardan ayrılandan sonra atam üzünü mənə tutub dedi:
– Oğul, bu gün əla ov olacaq. Amma unutma ki, sən də şərtimizə əməl etməlisən.
Mən cavab verməyib başımla onun dediklərini təsdiqlədim. Yenə yolumuza davam edib bir xeyli meşənin dərinliyinə qədər getdikdən sonra hansısa bir daxmanın yanına gəlib çıxdıq. Atam bir qədər dincəlməyi məsləhət gördü. Gecədən yavanlıq üçün götürdüyümüz torbanı çiynimdən aşırıb içindəkilərlə əlüstü qəlyanaltı edib ayağa qalxdıq. Atam əlini çiynimə qoyaraq dedi:
– Sən burda qal, özün də heç yerə tərpənmə. Düz bir saatdan sonra mən qayıdıram. Amma unutma ki, buralar çox təhlükəlidir.
O bunları deyib tüfəngini çiyninə aşıraraq meşənin daha da dərinliyinə doğru üz alıb getdi. Bir az keçmiş darıxdığımı duyub ətrafa boylanmaq istədim. İrəlidə isə ağaclardan savayı heç nə görünmürdü. Meşədə qeyri-adi sükut hökm sürürdü. Mən həyəcanlanıb irəliyə doğru bir neçə addım atmışdım ki, başımın üstündən iri bir quş pırıltı ilə uçdu. Onun vahiməli çığırtısı məni vəlvələyə saldı. Nə edəcəyimi bilməyib üz qoydum qaçmağa. Sonra özümü ələ alıb, dayandım. Ətrafa boylandım, gözümə qorxulu heç nə dəymədi. Özümə gələndə başa düşdüm ki, azmışam. Odur ki, elə hey bir ağızdan atamı səslədim, amma ondan haray çıxmadı. Ürəyim sanki içimdən üzülməyə başlayırdı. Elə bu dəm gözləmədiyim halda qarşımda bir neçə canavarın durduğunu gördüm. Qorxumdan əsim-əsim əsirdim. Onlar isə yerlərindən tərpənmirdilər. İki canavar arasında durmuş canavar balası isə öz ata-anasına elə baxırdı ki, sanki mənə qarşı niyyətlərini duymaq istəyirdi. Canavarlar bunu dərk edib onu mənə tərəf itələdilər. O da oynaqlaşa-oynaqlaşa yanıma gəldi. Beləliklə, qorxu məndən sovuşdu. Bir az keçmiş qaranlıq düşdü və canavar balası mənim yumşaq tumarlarım altında mürgülədi. Yuxu və yorğunluq məni əldən salmışdı. Canavarlar arxalarını mənə söykəyərək yatmağa başladılar.
Səhərin necə açıldığından xəbər tutmasam da, yalnız gecədən bəri bədənimdə canavarların məni isitmiş hərarətini duydum. Canavarlardan birisi oyanıb, tələsik qida axtarışına girişdi. Yəqin ki, dünəndən bərk acdırlar, deyə düşündüm. Amma nə bilmək olardı, bəlkə qonaqpərvərlik göstərib məni də yedizdirmək istəyirdilər. Qəflətən nə duydularsa canavarlar yerlərindəcə quruyub qaldılar. Mən də duruxdum. Canavarlardan birisi dişlərilə balasını qamarlayıb geri çəkildi. Sonra onlar astaca kolluğun dalında gözdən itdilər. Heç nə anlamayıb onların arxasınca getmək istədim, amma atamın kölgəsini uzaqdan görcək birnəfəsə ona doğru qaçdım. Ata-bala bir-birimizə sarıldıq. Yol boyu başıma gələnləri ona danışdım.
Bu hadisənin üstündən bir həftə keçdi. Canavar balasının xəyalı isə məni tərk etmirdi. Həmin gün şam yeməyindən sonra bizə qəribə bir qonaq gəldi. O, bala canavar dərisi üçün dil-ağız tökərək atamı yola gətirdi. Onların bu söhbətindən qanım bərk qaraldı.
Sabahısı gün atam ov üçün lazım olan tədarükünü yığıb meşəyə getdi. Üstündən iki gün ötmüş evə çox yorğun vəziyyətdə döndü. Əlində özü ilə gətirdiyi ölü canavar balasının cəsədini tutmuşdu.
Gecə düşdü. Amma mən yatağıma girsəm də, yuxu məni aparmadı. Atamın öz tüfəngindən açdığı atəşlə canavar balasını hansı amansızlıqla vurub öldürdüyünü təsəvvür etdim. Güllə səsi istər-istəməz hər bir canlını diksindirir. Çünki hər atılan güllə kiminsə sonu deməkdir. Güllə səsi gələn yerdə, ancaq qan tökülə bilər… Kövrəldim. Canavar balasının ölümündə ən bağışlanmaz müqəssir özümü saydım. Axı meşədə azarkən canavarların məskən salıb yaşadığı yuvanı atama mən nişan vermişdim.
Sübh tezdən vay-haray səsinə yerimizdən qalxdıq. Eşiyə çıxarkən evimizin qarşısında erkək canavarın qəzəblə durduğunu gördük. Atam evə girib, tüfəngini canavara sarı tuşladı. Bunu görən canavar başılovlu qaçdı.
Mənim halım özümdə deyildi. Az qala dilsiz-ağızsız heyvanlardan xəcalət çəkirdim. Anlayırdım ki, canavar gec-tez intiqamını atamdan alacaq. Ədalətli olsun deyə onların yanına meşəyə getmək qərarına gəldim. Qorxu-hürkü bilmədən canavarlar yaşayan yuvaya doğru yanaşdım. Məni görcək məyus-məyus baxışdılar. Mən isə əksinə, qarşılarında diz çökərək ətimi didib-parçalayacaqları anı gözlədim. Onlar isə qəhərdən uluyaraq sanki dərdlərini mənimlə bölüşdülər. Onlara qoşulub mən də için-için ağladım. Sonra qalxıb yoluma düzəldim. Elə hey öz-özümə götür-qoy etdim. Atama nə deyim, camaata nə danışım. Kəndə evə çatarkən camaat üstümə tökülüşdü.
– Canavarların yanına getmişdin?
– Hə.
Nəhayət, atam dözməyərək adamların içindən irəliyə çıxıb dedi:
– Məsələ aydındır. Onların yanına özüm gedəcəyəm. Ya mənə verən Allah, ya da ki, onlara.
…Tək-tük adamlardan savayı bütün kənd camaatı evimizə toplaşmışdı. Hamı cınqırını içinə salaraq intizarla atama baxırdı. Mən isə o dəm atama yaxınlaşıb üzünə baxmağa cəsarət etmədim, utandım ondan. Sanki bütün başımıza gələnlərin səbəbkarı mən idim.
Atam günahkar-günahkar başını bulayıb kəlmə kəsmədən çöl qapısına tərəf yanaşdı. Sonra nə fikirləşdisə, üzünü camaata tutub dedi:
– Həddiniz nədir ki, arxamca gələsiniz. Hərə öz evinə dağılışsın.
Camaatın heç biri durduğu yerdən qımıldanmadı. Əlbəttə ki, kənardan seyr edilən döyüş hamı üçün maraqlı idi. Bu təkbətək döyüşdə qələbə kiminlə olacaqdı?
Hamı baxışları ilə atamı meşəyə yola saldı. Qonşular bu xəbərdən daha tez agah olmaq üçün hətta kənddə gecə növbəsinə də durdular.
Üstündən iki gün keçməsinə baxmayaraq, atamdan səs-soraq çıxmadı. Bunu görən camaat narahat olmağa başladı. Ertəsi gün dörd-beş ovçu ilə bərabər atamın arxasınca meşəyə doğru yollandım. Lakin meşəyə girər-girməz dəhşətli mənzərə ilə üzləşdik. Atam özünə vurduğu bıçaq yarasından ölmüşdü.
Qəhər məni boğdu. Atamın halına yana-yana acıdım. Elə bu vaxt kimsə onun yanına düşmüş kağıza işarə etdi. Bu onun sonuncu, bəlkə də hər kəs qarşısındakı əlvida məktubu idi. Mən elə indiyə kimi də onu əzbərdən bilirəm. Orada deyilirdi: «Camaat! Bu məktubu ona görə yazmışam ki, başıma gələnlərdən siz də agah olasınız. Mən meşədə olarkən canavarların izimə düşdüyünü duydum. Zənnim düz çıxdı. Odur ki, silahı əlimdə hazır tutub canavarları qabaqlamağa çalışdım. Qarşı-qarşıya gəldik, gördüm ki, çox pərişandırlar. Əlverişli məqam tapıb tətiyi basmaqla dişi canavarı da gəbərtdim. İlk atəş səsindən dik atılan erkək canavar qaçmağa başladı. Mən də arxasınca yüyürərək daha bir neçə güllə atdım. Amma birdən canavarın dimdik qarşımda duraraq qəzəblə mənə baxdığını gördüm. Fikirləşdim ki, bir an belə geciksəm, o məni parça-parça edəcək. Tez tətiyi basdım, ancaq atəş açılmadı. Bunu görən canavar dişlərini qıcayıb üstümə cumdu. Amma tez də geri çəkilərək, sanki bir seyrci kimi mənə tamaşa etdi. Məəttəl qalmışdım, elə bil ki, dilsiz-ağızsız heyvan indicə dil açıb danışacaqdı... Daha mənə əhəmiyyət verməyərək uzun-uzadı ulamağa başladı.
Artıq törətdiyim əməlin necə amansız olduğunu gec də olsa dərk etdim. Sizdən və oğlumdan xəcalət çəkdiyim üçün də geri qayıtmağa üzüm yoxdur. Əslində bəlkə də necə deyərlər, sonun da çaqqal çaqqala müyəssərdir.
Hə dostum, bu mənim səndən gizli saxladığım yeganə sirr idi… Vəssalam. Elə həmin gündən sonra mən bir daha dostumla üz-üzə gəlməkdən çəkindim.



Oxunub: 728

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax