Nəsr

Məhəbbət və nifrət

Font:      

Artıq axşam düşmüşdü. Belə bir vaxtda anamın çağırılmadan otağıma gəldiyinə və çəkinmədən sərbəst söhbətə başlamasından bir yüngüllük hiss etdim. Anam özü sözə başladı:
– Oğlum, sağ-salamatsanmı, xəstə deyilsən ki?..
Mən qısaca cavab verdim:
– Salamatam.
Hiss edirəm ki, hamıdan incimisən. Oğlum, axı sən heç bir zaman heç kimə öz kəskin münasibətini büruzə verməzdin. İndi isə kim sənə belə bərk təsir etdi ki, bu məsələyə belə ciddi münasibət bəsləyirsən? Səni bu vəziyyətdə görəndə mən də mütəəssir oluram; əgər biz ikisimiz birlikdə bu mövzuda söhbət etsək, yəqin ki, sən də bir qədər yüngülləşərdin. Haqlısan, axır zamanlar sənə o qədər zərbə dəyib ki, ancaq oğul, nə olursa olsun, bu küsülülüyü aradan qaldırmaq lazımdır, insanlardan bu cür ayrılmaq olmaz. Axı yaxın insanlar arasında olan xırdaca anlaşılmazlığa görə nə vaxta qədər kənarda olacaqsan… Görəsən nə vaxtsa buna görə kədərlənməyəcəksən? Yoxa çıxan bu münasibət üçün qəlbində bircə damcı da təəssüf hissi qalmayacaq?
Mən münasib bir söz tapıb söyləyə bilmədim; elə bil ki, bir növ kütləşmişdim. Anamın mehribanlıqla etdiyi söhbət mənim qəlbimdə əvvəlki incikliyi təzələdi.
– Ana, mən əzab çəkirəm, əlbəttə, sənin düşündüyün kimi yox. Bu əzab sərt bir qüvvə olub, məni məndən ayırır. Bəlkə heç bu barədə düşünməsəm yaxşıdır, çünki az qalır ki, lap ürəyim parçalana. Məşəqqətli günlər yaşadım, gecələr yatmayıb fikir çəkirdim. Hələ bu azmış kimi, başqaları da öz riyakarlıqlarını mənim zülmlərimə əlavə etdilər. Onlar məni sarsıtdılar, məni çətin vəziyyətlə qarşı-qarşıya qoydular. Mənə təskinlik vermək üçün səy göstərmədilər. Halbuki həyatım boyu sadəlövhlük edib, saf və təmiz qəlbimi hamı üçün açmışdım, bəs onlar nə etdilər? Əvəzində halıma acımadan hisslərimi zir-zibillə qarışdıraraq alçatdılar. Nəhayət, mən də çox götür-qoydan sonra hər kəsə qarşı ürəyimin qapı və pəncərəsini bərk-bərk kilidləmək qərarına gəldim. Bir daha heç kim ora girib onu tapdalayaraq ayaqlar altına ata bilməsin.
İndiyə kimi ürəyimdə olanları anama deməmişdim. Anam isə iradlarıma qarşı heç bir cavab vermədi, sanki köksündən qopmaq istəyən ahı səbrlə tutub saxladı. O, nə edəcəyini bilməyib, yalnız əlimi öz əlinə alaraq onu isitməklə kifayətləndi. Onun qarşısında mən öz vəziyyətimə görə xəcalət çəkirdim. İnsanın öz anası ilə söhbət etməsi tamamilə asan görünsə də, həmin anlar mənim üçün bu, belə görünür ki, çox çətin idi. Ürəyimi anama açıb boşaltmaq istəyirdim. Mən onun necə iztirab çəkdiyini görürdüm. Gözləyirdim ki, anam yenidən sorğu-suala başlayacaq. Amma o daha heç bir şey soruşmadı. Yarım saata kimi biz beləcə danışmadan susduq. Mən çox otura bilməyib yataq otağına keçdim. Anam pəncərənin qabağında oturub gözünü qaranlıq küçəyə zilləmişdi. Ah, necə də dəyişmişdim. Bəs özümlə nə edim? Mən anama qarşı məhəbbət, həyata isə nifrət bəsləyirdim. Mən istərdim ki, hamı yatandan sonra gecəyarısı anamın yanına gedib, başımı onun dizi üstə qoyaraq yatım. Və bundan sonra elə bir şirin yuxuya dalım ki, bir daha gözlərimi açıb oyanmayım. Mənim ömrüm kaş ki, elə bu cür də sona yetərdi.



Oxunub: 522

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax