Şerlər

Ümid

Font:      

Səfalətlə,

ayaqyalın

keçdiyim yollarda,

toxum-toxum

zərrələnib bəxtim.

Qaratikanlar kimi,

bitibdir qabağımda.

Yolumdan qalmamışam,

yolumdan dönməmişəm.

Dünən mənim...

İnanın,

qırmızı izlər

gəlmişdi arxamca,

qırmızı üzlər

görmüşdüm,

qırmızı sözlər

eşitmişdim.

O vaxtdan,

bir ağac əkmişəm

ürəyimin içində.

Ürəyimin içində

bir ağac böyüyür

nə vaxtdır.

Nə vaxtdır ömrümün

yaz fəsli başlanıb.

Yaz fəsli görünür ömrümün

yağmurlu sabahı.

Deyəsən, ölüm də

yaz fəsli gələcək.



Ölməkdən qorxmuram,

qorxmuram ölməkdən.

Gözlərim kor deyil,

qulağım kar deyil,

əcəlim yox deyil.

Əcəlim çağlayır,

əcəlim böyüyür,

əcəlim qışqırır sinəmdə.

...Ürəyimin içində

bir ağac böyüyür, nə vaxtdır;

Böyüyüb, böyüyüb,

yıxacaq məni.

Ömrümün yaz fəsli

məhv olub gedəcəm,

yamyaşıl bir ağac

qalacaq dünyada...



Oxunub: 835

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax