Şerlər

Ehtiyat

Font:      

Daha ehtiyata dözə bilmirəm,
Daha ehtiyatla gəzə bilmirəm,
Fikrimi, hissimi ağ vərəqlərə,
Daha ehtiyatla düzə bilmirəm.
Ehtiyat gözümü yaman qorxudub;
Bizim cəsarətli zəmanəmizdə.
Ehtiyat özü də bir növ qorxudur!
İlanla sərçədə fərq görürüksə,
Pələnglə böcəkdə fərq görürüksə,
Məncə ehtiyatlı olmağa dəyməz.

İndi ehtiyatlı doğulmaq olmaz,
İndi ehtiyatda boğulmaq olmaz.
Ehtiyac-ehtiyac olmasın gərək;
Yaşanan zamanın gərginliyində
Ehtiyat mənasız olmasın gərək.
Ancaq hər gümana, hər ehtimala
Yaman ehtiyatlı adamlarıq biz.
Bu söz meydanında göz görə-görə,
Yalanla, böhtanla qarşılaşanda,
Ehtiyat etməyək sözün düzünə.

İnsanın həyatı başdan-binadan,
Şər ilə xeyirin qarışığıdır.
Dünyanın işini nə bilmək olar -
«Ehtiyat igidin yaraşığıdır».
Atalar düz deyib, yaxşı deyiblər.
Onların günahı, təqsiri yoxdur,
Atalar yaşayan vaxt elə idi ki,
Göylərdən od yağar, alov qopardı.
Dünyanın işini bilmək çətindir,
Atalar, bəlkə də, doğru deyiblər...



Oxunub: 816

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax