Məqalələr

Mənfidən yaranan müsbət

Font:      

Əvvəlcə Qaranlıq, sonra onun "bətnində" Nur yarandı. İşığın bütün qüsurlarını qaranlıq fonunda aydın görən Yaradan, onu tənzimləyərək, ideal İşıq yaratdı. Bu, Ali İlahi Qüvvənin bütün yaratdıqlarında baş verən ümumi bir prosesdir. Əvvəlcə İblis, sonra isə Adəm yaradılır. Əvvəl mənfi element, onun fonunda isə müsbət element yaradılır. Müqəddəs kitabımız olan “Qurani- Kərim" də qeyd olunur ki, yer üzündə mənfi əməl sahibi olan insanlar çoxluq təşkil edirlər. Yaradan özü onları imana yönləndirmir və haqq yolunu tutmağa kömək etmir. Mənfi əməllər burulğanında olan həmin insanların qəlbləri heç bir vaxt, İlahi Qüvvənin nurunun zərrələri ilə işıqlanmayacaq. Çünki Yaradana mənfilər deyil, təmiz qəlblə inanan müsbətlər lazımdır. Ali İlahi Qüvvə yalnız Ona sidq - ürəkdən inananları və sadiq olanları seçir. Həmin seçilmişlər insan libası geymiş şeytanların yalanlarına, şirnikləndirici həyatlarına və digər aldadıcı elementlərə uymurlar.
Yaradana qaranlıqdan doğan İşıq gərəkdir, çünki Nur ancaq keyfiyyətli qaranlıqda yəqinləşir və tamlaşır. Ali İlahi Qüvvə insanı yer üzündə özünün xəlifəsi kimi yaradıb və zənnimcə cəhənnəm əhlinin çoxluğu Yaradıcıya öz xəlifəsini kamil bir biçimdə yaratmağa kömək edir. Pis əməlli insanlar şübhəsiz ki, yaxşı insanlara öz mənfi təsirini göstərirlər. Bəs bu təsirə məruz qalan yaxşılar öz əqidələrində qalaraq, Allaha olan məhəbbətlərini və sadiqliklərini göstərirlərmi ?! Biz insanlar xəlifə deyəndə, bu anlamın nə qədər böyük bir məna və məsuliyyət daşıdığını anlamırıq. Sadəcə olaraq mələklərin “iş icrasını" təsəvvürümüzə gətirsək və Tanrının başqa yaratdıqlarının: işıq, səs, külək və s. də verilən əmrlərə sözsüz tabe olmasını dərk etsək, bizdən necə olmağımız tələbinin mənasını anlaya bilərik.
Son olaraq qeyd etmək istərdim ki, Kainatın yaranmasının əsasını təşkil edən bütün elmi proseslər eyni bir məzmun və formaya malikdirlər. Deməli, keyfiyyətli müsbət, artıq mövcud olan mənfilik fonunda yaradıldı. Yaradana isə, məhz mənfidən yaranan müsbət gərəkdir.



Oxunub: 3039

Şərhlər: 1
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax