Məqalələr

Həyatda baş verən proseslərin sirləri

Font:      

Kainatda baş verən bütün proseslərin nəzarət altında olması haqqında fikirlərim, əvvəlki məqalələrimdə də əks olunmuşdu. Lakin indi, bu məsələyə başqa bir aspektdən baxmağa cəhd göstərək.

Kainat və onun hər bir zərrəsi Allah tərəfindən yaradılıb.Yaradılan hər bir zərrənin ən kamil və ən gözəl biçimdə olmasını "görməyən" insan Kainatda baş verən proseslərin vacibliyini dərk etmir. İnsan idrakı Kosmos həyatının möhtəşəmliyini dərk etmək iqtidarında deyil, bu səbəbdən də o, hər gün Allahın verdiyi hər bir şeyi razılıqla qarşılamalı, heç vaxt həyata qarşı mənfi münasibət göstərməməlidir. Çünki göstərilən mənfi münasibət sadəcə olaraq, onun əleyhinə çevrilərək, özünə qayıdır.

Yer üzündəki bütün insanların həyatı üçün eyni və əlverişli mühit yaradılıb və baş verən proseslər, ancaq insanın xeyrinə istiqamətləndirilib. Baş verənlərə düzgün qiymət verə bilməyən insan, onun üçün yaradılmış bu əlverişli mühitdən düzgün istifadə etməli, öz həyatının hər anını baş verən proseslərin qanunauyğunluqlarına əsaslandıraraq yaşamalıdır və ancaq bu halda o, müsbət nəticə almaq imkanına malik olacaqdır. Əks halda, çox ehtimal ki, onun cəhdləri mənfi nəticə ilə üzləşəcək.

İnsan bu həqiqəti yaddan çıxarmamalıdır ki, hər bir şeyin başlanğıcı olduğu kimi, sonu da var. Sözsüz ki, bu başlanğıcın və sonun sahibi bir olan Allahdır və biz bütün gizli saxladığımız arzularla yalnız Ona müraciət etməliyik. Bu proses həqiqətən də, baş verir, yəni insan övladının Allahdan dilədikləri, bu və ya digər formada ona "verilir".

İnsan övladını cinayətdən və pis əməllərdən çəkindirmək üçün, ona dörd müqəddəs kitab göndərildi - Zəbur, Tövrat, İncil, Quran. Dərin məna daşıyıcıları olan bu kitablar hər şeydən əvvəl, insanları bir olan Allaha inanmağa çağırırlar.

İnsanlar verilən firavanlığa görə daima dua və şükür etməli, əməlisaleh olmalı, doğmalarına, yaxınlarına və ehtiyacı olanlara kömək etməlidirlər. Ancaq insanların bəziləri bu müqəddəs qaydalara əməl etmirlər. Çox maraqlıdır ki, pis əməllər etməyə adət etmiş şəxslər çox az hallarda öz əməllərindən əl çəkərək, haqq yolunu tuturlar, sanki bu onlara qadağandır. Bu insanlar artıq özləri üçün müəyyən bir həyat istiqaməti seçərək, həmin yol ilə hərəkət edirlər. Ən əsası isə, onlar heç vaxt Kainat və Yer üzündəki proseslərin sirrini dərk edə bilməyəcəklər, onlara bir anlığa da olsun Kainat qanunlarını dərk etməyə, yaxınlaşmaq imkanı belə verilməyib.

17.09.2009



Oxunub: 2836

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax